(+994 12) 406-77-47 (+994 50) 476-81-55 [email protected]

Əzələlərin zəifləməsi ilə gedən nevroloji xəstəliklərin müasir müalicəsində plazmaferezin əhəmiyyətli rolu


B.Ə.Hüseynov, N.İ.Babayev, T.Q.Tağızadə, N.T.Hacıyeva, G.İ.İbrahimov, S.M.Həsənova, M.Ş.Quliyeva, S.R.Sadıqlı, V.C.Rzayev, C.C.Əzizov.

Əzələlərin zəifləməsi ilə gedən nevroloji xəstəliklərin müasir müalicəsində plazmaferezin əhəmiyyətli rolu.

Müəlliflər əzələ zəifliyi ilə diqqət mərkəzində olan demielinizasiya xəstəlikləri və fərqli patogenezlə seçilən, lakin oxşar autoimmun mexanizmlə assosiasiya olunan digər xəstəlikləri, klassifikasiya baxımından bir müstəvidə qeyd edərək, onların kompleks müalicə planı ilə yanaşı, müalicənin özəyi kimi yüksək həcmli plazmaferezin özəlliklərini incələmişlər. Müəlliflərin bu xəstəliklərin müalicəsində qərb elmi mənbələrindən məlum olan plazmaferez tətbiqini mübahisə edərək müalicə prosesinə yeni bir anlayış, “xəstənin dözə biləcəyi qədər plazma çıxarılması” ifadəsini daxil etmişlər, vena daxili immunoqlobulinlərin dozasını azaltmaq hesabına həm müalicənin xərcinin azalmasına, həm də mielini parçalayan antikorların azalmasının daha optimal səviyyəsini müəyyənləşdirərək, xəstəliyin fəsadsız və effektiv idarə olunmasına nail olmuşlar.
Bütün bunları nəzərə alaraq müəlliflərin təqdim etdikləri – “Əzələlərin zəifləməsi ilə gedən nevroloji xəstəliklərin müasir müalicəsində plazmaferezin əhəmiyyətli rolu” metodik təsviyəsindəki təklif olunan müalicə taktikası bu xəstəliklərin müalicəsində sübut olunmuş effektiv nəticə vermişdir. İnanırıq ki, təqdim olunan metodik tövsiyə səhiyyəmizdə bu istiqamətdə çalışan nevroloqların və reanimatoloqların köməkçi vəsaiti ola bilər.

Uzun illər ərzində toplanmış kollektiv təcrübəmizə istinad edərək Giyena-Barre sindromu olan xəstələrdə aşağıdakı müalicə taktikasını təklif edirik:
1.
İlk 5 gündə xəstənin hər kq çəkisinə 400 mq VD İqG istifadə edib, sonra 5-6 seans müddətində xəstənin hər kq çəkisinə 200 ml plazmanın çıxarılması təklifi ilə razılaşmırıq. 5-6 seans müddətində xəstənin hər kq çəkisinə 200 ml (bəzi mənbələrdə 250 ml) plazmanın çıxarılıb atılması adi halda təhlükəsiz olaraq mümkün deyildir və hətta plazma dəyişilməsi fonunda icra olunsa belə xəstənin həyatı üçün təhlükəlidir. Belə hesab edirik ki, tam kurs müalicəsində nəzərdə tutulmuş 200 ml/kq plazmanı 14 gün müddətinə plazmaferez seans sayını artırmaqla fəsadsız çıxarıb atmaq lazımdır. Bu zaman 1 seansda çıxarılan plazmanın miqdarı xəstənin somatik vəziyyətindən asılı olaraq 10-14 ml/kq hesabı ötməməlidir. Seanslar arasındakı interval birinci günlər 12-18 saat, sonrakı günlər isə günaşırı olmalıdır. Yəni, elə bir taktika seçilməlidir ki, 14 gün müddətinə autoplazma 200 ml/kq miqdarında çıxarılıb atılsın. Digər tərəfdən, xəstənin çəkisinin 20%-ni təşkil edən bu plazmanın atılması endogeni VD İqG 5 gün müddətində 400 mq/kq dozasında istifadə edib (hansı ki, qiyməti 11000 dolları ötür), davamında 5-6 seansda 200-250 ml/kq plazmanın (xəstənin çəkisinin 20%-ni təşkil edir) atılması vena daxilinə kənardan vurulan İqG-nin miqdarının da əhəmiyyətli kütləsinin itkisi deməkdir (halbuki, VD İqG-lər 21 gün müddətində təsir göstərir).

2. Uzun illər toplanmış təcrübəmiz əsasında belə hesab edirik ki, Qiyena-Barre sindromunun müalicəsində yüksək həcmli plazmaferezin rolu daha önəmlidir və VD İqG plazmaferezin nəticəsinə köməkçi vasitə kimi istifadə oluna bilər.

3. Plazmanın göstərilən miqdarda xəstəliyin 14-21-ci günlərində çıxarılması önəmli deyildir. Çünki, bu dövrdə ya xəstəlik xroniki inkişafa keçir və ya xəstəliyin inkişafında spontan remissiya baş verir və xəstədə sağalma başlayır. Əgər xəstə polineyropatiyanın tam formalaşmış xroniki səviyyəsi ilə və yaxud xronikləşmiş səviyyənin stabil fəsadları ilə müraciət edərsə, plazmaferezi və VD İqG-ləri xəstəliyin kəskin səviyyəsində tətbiq olunan intensivlikdə və həcmdə aparmağa ehtiyac yoxdur və bu heç nəyi dəyişdirməz. Sadəcə profilaktik sanasiya məqsədilə hər seans 10-12 ml/kq miqdarında olmaqla ümumi müalicə kursunu 40 ml/kq həcmində bitirmək lazımdır və bu təxminən 4 seans edəcəkdir. Seanslar arasındakı intervalı isə 2-3 gün saxlamaq kifayətdir.

4. Göstərilən təhlildən sonra biz uzun illər aldığımız nəticələri nəzərə alıb daha optimal hesab etdiyimiz protokol müalicəsini təklif edirik:

4.1. Böyük xəstələrdə. Tutaq ki, xəstənin çəkisi 100 kq-dır. Onda bir kurs müalicəsinə 100 kq x 200 ml = 20.000 ml, yəni xəstənin bədən çəkisinin 20%-i qədər plazma çıxarıb atmaq lazımdır. Təhlükəsiz səviyyəni 10-13 ml/kq qəbul etsək bir seansda 1000-1300 ml plazmanın atılması tələb olunur. Onda ümumi kurs müalicəsində tələb olunan seans sayı 20.000 : 1000 ml (və ya 1300 ml) = 20 (və ya 15) seans edir. Və hər seansdan sonra albumin istifadə olunur. Seanslar arasında intervalı 1.5-2 DEP çıxarılmasına qədər 12-18 saat, sonra isə 24 saat saxlamaq lazımdır.
VD İqG-lərin istifadə olunması haqqında: ümumi kurs müalicəsində xəstənin hər kq çəkisinə təklif olunan 2 qram əvəzinə 0.5 qram istifadə etmək bəs edir. Məsələn: 100 kq çəkisi olan xəstədə 200 qram əvəzinə (100 kq x 0.5 qram) = 50 qram kifayət edir. Bu zaman hər 2 seansdan sonra 2.5 qram və qalan dozanı isə plazmaferezin tam kurs müalicəsi başa çatdıqdan sonra (əgər buna ehtiyac olarsa) istifadə etmək lazımdır.

4.2. Uşaq xəstələrdə. Tutaq ki, xəstənin çəkisi 20 kq-dır. Onda bir kurs müalicəsinə 20 kq x 200 ml = 4000 ml, yəni xəstənin bədən çəkisinin 20%-i qədər plazma çıxarıb atmaq lazımdır. 20 kq çəkisi olan xəstədə plazmanın miqdarı çəkinin 4%-ni təşkil edir və 800 ml təşkil edir. Təhlükəsiz səviyyəni 12-15 ml/kq qəbul etsək bir seansda 240-300 ml plazmanın atılması tələb olunur. Onda ümumi kurs müalicəsində tələb olunan seans sayı 4000 ml : 240 ML (və ya 300 ml) = 16 (və ya 13) edir. Və hər seansdan sonra albumin istifadə olunur. Seanslar arasında intervalı 1.5-2 DEP çıxarılmasına qədər 12-18 saat, sonra isə 24 saat saxlamaq lazımdır.
VD İqG-lərin uşaqlarda istifadə olunması haqqında: ümumi kurs müalicəsində xəstənin hər kq çəkisinə təklif olunan 2 qram əvəzinə 1.0 qram istifadə etmək bəs edir. Məsələn: 20 kq çəkisi olan xəstədə 40 qram əvəzinə (20 kq x 1.0 qram)=20 qram kifayət edir. Bu zaman hər 2 seansdan sonra 2.5 qram və qalan dozanı isə plazmaferezin tam kurs müalicəsi başa çatdıqdan sonra (əgər buna ehtiyac olarsa) istifadə etmək lazımdır. Sadəcə çəki azaldıqca, hər kq çəkiyə düşən VD İqG-nin miqdarı böyük çəkiyə nisbətən çox olur.

5. Antimitotik dərmanlardan istifadə etmirik. Çünki, bu dərmanların terapevtik təsiri “gecikir”, yəni 3 həftədən sonra başlayır. Digər tərəfdən bu preparatlar toksiki təsirə malikdirlər.

6. Qərb alimlərinin fikri ilə razılaşaraq Giyena-Barre sindromunun müalicəsində hormon istifadəsini səhv hesab edirik.

7. Xəstəlik əsasən virus zədələnməsi səbəbindən inkişafına təkan aldığı üçün, bədən hərarətinin qalxdığı hallarda virus əleyhinə müalicə (asiklovir və ya zoviraks) 7-14 gün istifadə olunur.

8. Xəstəlik zamanı TNF-nin aktivliyi artdığı üçün onun inhibitoru sayılan pen-toksifillin (trental) 7-14 təyin olunur.

9. Əlavə olaraq sinir əzələ ötürücülüyünə müsbət təsir etmək məqsədi ilə: nukleo-cmf 2 ml/sutka əzələ daxilində müalicənin ilk günlərindən və neyromidin 20mg/sutka daxilə plazmaferezin 3-cü seansından sonra məsləhət bilinir.скачать dle 11.1смотреть фильмы бесплатно
2017. Plazmaferez.az. Sayt Mərkəzi Dəmiryol Xəstəxanasının "Efferent Terapiya" şöbəsinə məxsusdur.
Bağla